İnsanlar arasında eləsi də var ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan azdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir.
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.
O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik.
Biz Loğmana: “Allaha şükür et” deyə hikmət verdik. Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyildir, tərifəlayiqdir”.
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir.
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm.
(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.
Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü? İnsanlar arasında heç bir elmi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edənlər də vardır.
Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr! Biz atalarımızın getdiyi yolla tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları Cəhənnəm əzabına çağırırsa necə?
Kim küfrü edərsə, onun küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah qəlblərdə olanları biləndir.
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu (bunu) bilməz.
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrət və Hikmət sahibidir.
Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (mənfəətiniz üçün) ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?
Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunda səbirli olanlar və şükür edənlər üçün ibrətlər vardır.
(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona dua edərlər. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
يا ايها الناس اتقوا ربكم واخشوا يوما لا يجزي والد عن ولده ولا مولود هو جاز عن والده شييا ان وعد الله حق فلا تغرنكم الحياة الدنيا ولا يغرنكم بالله الغرور ٣٣
Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir fayda verə bilməyəcəyi gündən qorxun. Həqiqətən, Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldatmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.
Həqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.