Məgər onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən müddətə qədər yaratdığını düşünmürlərmi? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
اولم يسيروا في الارض فينظروا كيف كان عاقبة الذين من قبلهم كانوا اشد منهم قوة واثاروا الارض وعمروها اكثر مما عمروها وجاءتهم رسلهم بالبينات فما كان الله ليظلمهم ولاكن كانوا انفسهم يظلمون ٩
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırmışdılar. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər.
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır.
Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.
Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
Məxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
Allah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik.
Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz.
İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar.
İnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
Məgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır.
Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.
İnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.
Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.
Qarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər.
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Üzərimizə bir haqqdır.
Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən buludların arasından yağış çıxdığını görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinərlər.
Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
Elm və iman verilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”.
Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.