Sahib olduğunuz cariyələr müstəsna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz (qadınlar) sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.