Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.
Biz Kitabda (Tövratda) İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və (insanlara zülm etməklə) həddinizi olduqca aşacaqsınz”– (deyə) xəbər verdik.
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).
Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermərik.
Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.
Kim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onlardan üz çevirməli olsan (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.
Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.
Yetim həddi-büluğa çatana qədər –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla– onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.
Yeddi göy, yer və onların arasında olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.
Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.
və ya qəlbinizdə özünüzü nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (istehza ilə) başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”
Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır.
Elə bir (kafir) məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda (Lövhi-məhfuzda) yazılmışdır.
Bizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk.
Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.
Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa (hamısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəmmi?!”
(İblis) dedi: “Məndən üstün tutduğun (məxluq) budurmu? Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.
Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!
Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsinizmi? Sonra buna görə Bizdən intiqam alan bir kəs belə tapa bilməzsiniz.
Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.
O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.
(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.
(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Qurana (mələklər tərəfindən) şahidlik edilir.
De: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.
De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.
yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.
Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.
Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün haqqında heç bir şəkk-şübhə olmayan bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.
Biz Musaya doqquz açıq-aşkar ayət verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi.
(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.
De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.
De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.